01 dekabr 2015

İlham Əliyev Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbinin açılışında iştirak edib

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu sahə də dövlət siyasətinin mühüm prioritetləri sırasındadır. Ötən illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, həmçinin bu proses ən ucqar yaşayış məntəqələrini də əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb, bütün orta təhsil ocaqlarında kompyuter sinifləri yaradılıb, onlar internetə qoşulub. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına hərtərəfli dəstəyini əsirgəmir. Azərbaycan dövlətinin təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd – ölkəmizdə bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulmasıdır. Həyata keçirilən kompleks proqramlar təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib. Belə təhsil ocaqlarından biri də Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbidir.

Dövlətimizin başçısına məlumat verildi ki, Nehrəm kənd 2 saylı tam orta məktəbi muxtar respublikada tikilən və ya əsaslı şəkildə təmir olunan çoxsaylı təhsil müəssisələrindən biridir. Ümumi sahəsi 5165 kvadratmetr olan məktəbin binası üçmərtəbəlidir. Burada 990 şagird təhsil alır. Onların ixtiyarına 42 sinif otağı, kimya, fizika və biologiya fənlərinin tədrisi üçün laboratoriyalar, hərbi kabinet verilib. Bundan başqa, məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün 2 xüsusi sinif ayrılıb. Kitabxana, müəllimlər otağı, idman zalı ən zəruri avadanlıqla təmin olunub. Məktəbdə 5 elektron lövhə quraşdırılıb, optik kabel ilə internet şəbəkəsinə qoşulub.

Prezident İlham Əliyevə məlumat verildi ki, muxtar respublikanın 221 məktəbi eyni vaxtda birbaşa Naxçıvan şəhərindəki Bayraq meydanı ilə canlı bağlantı yarada bilir, bu da telekörpü vasitəsilə müxtəlif mövzularda dərslərin keçirilməsinə imkan verir. Nehrəm kənd 2 saylı tam orta məktəbi də həmin sistemə qoşulub. Məktəb bütün lazımi infrastrukturla təchiz olunub.

 
 

 

 

01 dekabr 2015

İlham Əliyev yenidən qurulmuş Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun açılışında iştirak edib

 

Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində yenidən qurulmuş Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun açılışında iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf nəticəsində paytaxt Bakı ilə yanaşı, respublikanın bütün regionlarında mühüm yol-nəqliyyat layihələri icra olunur, yeni yollar salınır, mövcud magistrallar ən müasir səviyyədə yenidən qurulur, çoxfunksiyalı yol qovşaqları inşa olunur. Artıq bu layihələr rayon, kənd və qəsəbələri də əhatə edir. Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması belə layihələrin Naxçıvan Muxtar Respublikasında da geniş vüsət aldığını nümayiş etdirir. Son illərdə Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr sırasında öz yeri olan bu yolun yeni və daha müasir şəkildə istifadəyə verilməsi ilk növbədə, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsaslı tədbirlərdəndir. Yüksək səviyyədə yenidən qurulan bu yol nəqliyyatın rahat və maneəsiz hərəkətinə imkan yaradır.

Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəriciləri ilə tanış oldu.

Məlumat verildi ki, Babək rayonunun bir sıra yaşayış məntəqələrini birləşdirən, uzunluğu 16 kilometrə yaxın, eni 7,5 metr olan yol bir il müddətində tamamilə yenidən qurulub. Burada 455 metr uzunluğunda beton kanal çəkilib. Yol boyunca 8 yerdə beton su keçidi, 38 yerdə boru su keçidi tikilib, lazımi yol nişanları və göstəriciləri qoyulub. Ən başlıcası isə bu rahat yoldan həmin ərazidə yaşayan 32 min nəfər sakin istifadə edəcək. Bu magistral təkcə Naxçıvan şəhəri və Babək rayonu üçün deyil, ümumilikdə, muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir.

Bildirildi ki, bu gün Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, nəqliyyat kompleksinin yenilənməsinə xüsusi önəm verilir. Eyni zamanda, kənddaxili və kəndlərarası yolların da abadlaşdırılması istiqamətində davamlı işlər görülür.

 

Azərbaycan Prezidenti İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.